Ulm · Bakı
Klinik fəaliyyət
Nərmin Məcid 2022-ci ilin sentyabrından Ulm Universitet Xəstəxanasının Daxili xəstəliklər III klinikasında çalışır. Klinika hematologiya, onkologiya, palliativ tibb, revmatologiya və infeksion xəstəliklər üzrə ixtisaslaşıb və Ulm Kompleks Xərçəng Mərkəzinin tərkibindədir. Bundan əvvəl Bakıda Milli Onkologiya Mərkəzində və Baku Medical Plaza-da onkoloq kimi çalışıb.
Bu səhifə həkimin peşə fəaliyyətini təsvir edir. Ulm Universitet Xəstəxanasında qəbul yalnız xəstəxananın rəsmi kanalları ilə həyata keçirilir; bu sayt xəstəxananın saytı deyil. Nərmin Məcidin onlayn konsultasiyası haqqında: Pasiyentlər üçün: onlayn konsultasiya.
Ulm Universitet Xəstəxanası (2022-ci ildən)
2021: ESMO Integration Fellowship. Ulm-la klinik tanışlıq 2021-ci ilin payızında, ESMO Integration Fellowship çərçivəsində altı həftəlik təcrübə ilə başlayıb. Bu dövrdə:
- kəskin mieloid leykoz (AML), kəskin limfoblast leykoz (ALL), çoxsaylı mielom və limfoma xəstələrinin gündəlik klinik işində iştirak edib;
- həftədə iki dəfə Prof. Dr. Hartmut Döhnerin vizitlərində olub, klinik tədqiqatlarda iştirak edən xəstələrin idarəsini müşahidə edib;
- hər çərşənbə axşamı və cümə axşamı multidisiplinar onkoloji konsiliumda, həmçinin molekulyar konsiliumda iştirak edib;
- autoloq və allogen kök hüceyrə transplantasiyası, CAR-T hüceyrə terapiyası və onların ağırlaşmalarının idarəsi ilə tanış olub;
- tibbi onkologiya gündüz stasionarında rotasiya keçib.
2022-ci ilin sentyabrından: həkim. Daxili xəstəliklər III klinikasında rezident həkim (Assistenzärztin) kimi işləyib; 2026-cı ilin sentyabrında daxili xəstəliklər, hematologiya və onkologiya üzrə mütəxəssis həkim adını alıb.
Gündəlik iş:
- hematologiya-onkologiya poliklinikası; poliklinikada allogen kök hüceyrə transplantasiyasından sonra gələn xəstələrdə dərman çoxluğu problemi ilə qarşılaşır;
- Limfoma Mərkəzi: başqa mərkəzlərdən ikinci rəy üçün müraciət edən pasiyentlər; Almaniyada limfoma diaqnozu adətən referens patologiya mərkəzində də yoxlanılır;
- sarkoma və nadir şişlər poliklinikası, o cümlədən tenosinovial nəhəng hüceyrəli şiş kimi nadir şişlər və irsi xərçəng sindromları;
- 2026-cı ildən ağciyər xərçəngi üzrə onkoloji konsiliumun məsul həkimlərindən biri: həftədə bir dəfə müzakirəyə çıxarılan 20–25 xəstənin sənədlərinin düzgün hazırlanmasına nəzarət, müalicə variantlarının kollegial müzakirəsi;
- molekulyar və ailəvi (irsi risk) konsilium müzakirələri; standart müalicəyə cavab verməyən pasiyentlərdə geniş genom analizinin nəticələrinə əsasən müalicə imkanlarının araşdırılması;
- şöbənin həftəlik klinik iclaslarında hal təqdimatları (məsələn, 2026-cı ilin martında yeddi xətt müalicə almış diffuz böyük B-hüceyrəli limfoma halı);
- klinik tədqiqatlarda iştirak edən xəstələrin izlənməsi.
İş prinsipləri
Nərmin Məcidin klinik yanaşması onun paylaşımlarında dönə-dönə vurğuladığı bir neçə prinsipə əsaslanır:
- Qərar komanda ilə verilir. Onkoloji pasiyentin diaqnoz və müalicə planı multidisiplinar konsiliumda müzakirə olunur; onun ifadəsi ilə, konsilium lüks deyil, zərurətdir. Çətin və nadir hallarda pasiyentin daha təcrübəli alt-ixtisas mütəxəssisinə və ya universitet mərkəzinə yönləndirilməsi zəiflik deyil, peşəkarlıq əlamətidir: əsas məqsəd həkimin deyil, pasiyentin xeyridir.
- Əvvəl düzgün diaqnoz, sonra müalicə. Tam mərhələləndirmə və lazım olduqda ikinci (referens) patoloji rəy alınmadan ağır müalicəyə başlanmamalıdır; "yarımçıq diaqnoz"la davam etmək pasiyentə zərər verə bilər.
- Heç bir nəticə gözdən qaçmamalıdır. Görüntüləmə və analiz nəticələrinin izlənməməsi gecikmiş diaqnozun əsas səbəblərindəndir; bunun qarşısını almaq üçün pasiyentlərinin nəticələrini öz izləmə siyahısında saxlayır və həftədə iki dəfə yoxlayır.
- Pasiyentin həyat keyfiyyəti. Palliativ mərhələdə müalicə seçilərkən təkcə rəqəmlərə deyil, pasiyentin necə yaşadığına önəm verilir; mümkün olduqda daha az toksik müalicə ilə başlamaq üstün tutulur. Yaxşı onkoloq təkcə hansı müalicəyə başlamağı deyil, müalicənin məqsədini nə vaxt dəyişməyi də bilməlidir.
- Az, amma düzgün dərman. Pasiyentin qəbul etdiyi bütün dərmanlar vaxtaşırı birlikdə nəzərdən keçirilir; bəzən ən doğru müalicə artıq dərmanların azaldılmasıdır.
- Empatiya. Pis xəbəri çatdırarkən peşəkar və sakit qalmaq vacibdir, amma ən vacibi pasiyentin psixoloji yükünü hiss etmək və onu tək buraxmamaqdır.
- Ən son elmi məlumat. Müalicə qərarları beynəlxalq klinik təlimatlara və yeni tədqiqatlara əsaslanır; onkologiya və hematologiyada protokollar ildə bir neçə dəfə yenilənir.
Ətraflı: Onkoloji konsilium (tumorboard): qərarlar niyə komanda ilə verilir? · Limfomada ikinci rəy: bir baxış ağır müalicənin qarşısını ala bilər · Bir baxışla dəyişə biləcək taleler: gecikmiş diaqnozun arxasında nə var?
Baku Medical Plaza, Bakı (may–avqust 2022)
Almaniyaya köçməzdən əvvəl Baku Medical Plaza-da onkologiya üzrə həkim-mütəxəssis kimi çalışıb.
Milli Onkologiya Mərkəzi, Bakı (2012–2022)
- Rezidentura (2012–2018). Onkologiya üzrə rezidentura.
- Kimyaterapiya şöbəsinin onkoloqu (2018–2022). Rezidentura dövrü ilə birlikdə kimyaterapiya şöbəsində təxminən on il çalışıb; şöbənin tibb bacılarının peşəkarlığını xüsusi vurğulayır: böyük xəstə yükünə baxmayaraq damar yolu açmaqda çətinlik və ekstravazasiya (dərmanın damardan kənara sızması) çox nadir olub.
- Beynəlxalq əlaqələr və innovasiyalar şöbəsinin müdiri (2018–2020). bu vəzifədə ölkənin müxtəlif bölgələrində tədris tədbirləri təşkil edib.
- Layihə rəhbərliyi. Mərkəzin Xəstəxana İnformasiya Sistemi və əhali əsaslı xərçəng reyestri layihələrinin rəhbəri olub.
- Tədbirlərin təşkili (2018–2019). Bakı, Gəncə, Şəki və Lənkəranda 18 konfrans, simpozium və seminarın təşkilat komitəsinə rəhbərlik edib (siyahı: Çıxışlar və tədbirlər).
- ASCO Multidisiplinar Xərçəng İdarəetmə Kursu (15–16 sentyabr 2018). Dr. Aziz Əliyevlə birlikdə kursun iki yerli rəhbərindən biri olub. Kurs süd vəzi və baş-boyun xərçənglərinə, palliativ yardıma həsr olunub; 200-dən çox mütəxəssis, o cümlədən qonşu ölkələrdən təxminən 20 həkim iştirak edib. Kursdan bir gün əvvəl, 14 sentyabrda ONS Milli Onkologiya Mərkəzində tibb bacıları üçün ayrıca kurs keçirib.
- IDEA-dan sonra. IDEA mentorlarını Azərbaycana dəvət edib; ASCO və ONS Milli Onkologiya Mərkəzi ilə birgə Bakıda beynəlxalq onkologiya tədbirləri keçirib.
Klinik bacarıqlar
Sümük iliyi biopsiyası, plevral punksiya, parasentez, mərkəzi venoz kateterin qoyulması, traxeotomiya, ilkin yardımda kiçik cərrahi müdaxilələr, port implantasiyası, ultrasəs müayinəsi.
Bu siyahı həkimin klinik hazırlığını göstərir; sayt vasitəsilə təklif olunan xidmətlərin siyahısı deyil.
Beynəlxalq klinik təcrübələr
Jena Universitet Xəstəxanası (Almaniya), Ohayo Dövlət Universitetinin James Xərçəng Xəstəxanası (ABŞ), Neolife Tibb Mərkəzi (Türkiyə), Memorial Sloan Kettering Xərçəng Mərkəzi (ABŞ), Ulm Kompleks Xərçəng Mərkəzi (Almaniya). Tarixlər və çərçivə: Təhsil və ixtisaslaşma.

