Qısa cavab
Mədə xərçəngində müalicə qərarı tam mərhələləndirmədən sonra verilməlidir: metastazlar inkar edilmədən aparılan əməliyyat pasiyentə fayda verməyə bilər, bərpa uzandıqda isə kimyaterapiyaya başlanmasını gecikdirə bilər. Bir sağalmaz amili olan qabaqcıl mədə xərçəngində aparılmış REGATTA faza III tədqiqatında qastrektomiya + kimyaterapiya yalnız kimyaterapiya ilə müqayisədə sağqalımı uzatmayıb.
Mədə xərçəngi niyə çətin xəstəlikdir?
Proqnozu ağır şişlərdəndir və bir çox ölkədə, o cümlədən Azərbaycanda, çox vaxt gecikmiş mərhələdə aşkarlanır. Metastatik mərhələdə müalicənin məqsədi sağaltmaq deyil, simptomları azaltmaq, həyat keyfiyyətini qoruyaraq ömrü uzatmaqdır — bunu pasiyent və yaxınları açıq şəkildə bilməlidir.
Tam mərhələləndirmə nə deməkdir?
- Endoskopiya və biopsiya (daralma səbəbindən biopsiya düzgün alınmaya bilər və təkrarı lazım olur);
- kontrastlı kompüter tomoqrafiyası — dəqiq və tam rəylə;
- uyğun hallarda endoskopik ultrasəs və PET-KT;
- diaqnostik laparoskopiya: bəzi böyük mərkəzlərdə əməliyyatdan əvvəl qarın boşluğunda gizli yayılmanı (peritoneal karsinomatoz) inkar etmək üçün aparılır; beləliklə, sağaldıcı (kurativ) qastrektomiyaya pasiyentlər diqqətlə seçilir.
Palliativ qastrektomiya effektivdirmi?
- REGATTA tədqiqatında qaraciyər, qarın pərdəsi və ya paraaortal limfa düyünləri ilə məhdud bir sağalmaz amili olan 175 pasiyentdə orta ümumi sağqalım yalnız kimyaterapiya qrupunda 16,6 ay, qastrektomiya + kimyaterapiya qrupunda 14,3 ay olub; əməliyyat olunanlarda kimyaterapiyanın ağır yan təsirləri daha çox rast gəlinib. Tədqiqat faydasız olduğu üçün erkən dayandırılıb.
- Bəzi meta-analizlər seçilmiş pasiyentlərdə əməliyyatın faydasını göstərsə də, məsələ mübahisəlidir və geniş randomizə tədqiqatlara ehtiyac var. Simptomların idarəsində ilk seçim mümkün olduqca qeyri-cərrahi üsullar olmalıdır; qərar multidisiplinar konsiliumda verilməlidir.
Klinikadan bir müşahidə
Bir pasiyentdə mədənin antral hissəsində törəmə aşkarlanmışdı; daralma səbəbindən biopsiya xərçəngi təsdiqləməmiş, KT rəyi isə peritoneal yayılma ehtimalını qeyd etsə də kifayət qədər dəqiq yazılmamışdı. Tam mərhələləndirmə aparılmadan əməliyyat təklif olunmuşdu, pasiyentdə isə qusma və arıqlama yox idi. Belə vəziyyətdə ilk addım diaqnozu və mərhələni dəqiqləşdirməkdir.
Tarixdə mədə xərçəngindən vəfat etdiyi ehtimal olunan məşhur şəxslərdən biri Napoleon Bonapartdır — bu barədə qısa video Media və müsahibələr səhifəsindədir.
Nəticə: xərçəng pasiyentinə yanaşmada müalicədən də vacib olan vaxtında və düzgün diaqnostikadır; əks halda fayda verməyəcək, hətta zərər verə biləcək müalicələr tətbiq oluna bilər.
Mənbələr
- Fujitani K, et al. Gastrectomy plus chemotherapy versus chemotherapy alone for advanced gastric cancer with a single non-curable factor (REGATTA): a phase 3, randomised controlled trial. Lancet Oncol. 2016;17(3):309–318. DOI: 10.1016/S1470-2045(15)00553-7
Bu yazı ümumi maarifləndirmə məqsədi daşıyır, fərdi tibbi məsləhət deyil və həkim müayinəsini əvəz etmir. Yazıdakı mövzular Nərmin Məcidin göstərdiyi xidmətlərin siyahısı deyil.

